Milli Şərab Agentliyinin dəstəyi və agentliyin müqaviləli marketinq şirkəti olan “Red Bridge”in təşkilatçılığı ilə Yaponiyanın Fukuoka şəhərində gürcü şərabının təqdimatı keçirilib.
Yaponiyada yeganə Şərab Ustası olan “Red Bridge” şirkətinin direktoru Keniçi Ohaşi Gürcüstanın mədəniyyəti, tarixi, üzüm sortları və müasir şərabçılıq sənayesi haqqında təqdimatla çıxış edib.
O, həmçinin Gürcüstanın müxtəlif şərab rayonlarından səkkiz gürcü şərabını qonaqlara təqdim edib.
Tədbirdə şərab somelyeləri, idxalçılar, alıcılar, ticarət şəbəkələrinin və medianın nümayəndələri daxil olmaqla, ümumilikdə 100-ə yaxın qonaq iştirak edib.
Fukuoka liman şəhəri Yaponiyanın mühüm sənaye mərkəzi hesab olunur. Bu şəhərdə həyata keçirilən marketinq fəaliyyəti gürcü şərabının tanıdılması və populyarlaşdırılması baxımından həm Fukuoka prefekturasında, həm də ümumilikdə Yaponiya şərab bazarında böyük əhəmiyyət daşıyır.
Milli Şərab Agentliyi 2017-ci ildən “Red Bridge” şirkəti ilə əməkdaşlıq edir. Şirkətin fəaliyyəti Yaponiyanın strateji bazarında gürcü şərabının müxtəlif marketinq tədbirlərini əhatə edir. Bu tədbirlərin məqsədi Yaponiyada gürcü şərabının tanınmasını və buna uyğun olaraq tələbatın artmasını təşviq etməkdir.