Yaxın Şərqdəki vəziyyətlə bağlı “Böyük Yeddilik” ölkələrinin maliyyə nazirləri virtual görüş keçiriblər
Yaxın Şərqdəki vəziyyətlə bağlı “Böyük Yeddilik” ölkələrinin maliyyə nazirləri virtual görüş keçiriblər. Onların bəyanatına görə, “Böyük Yeddilik” üzvləri enerji bazarının sabitliyini və təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görməyə hazırdırlar.
“Biz, “Böyük Yeddilik” Enerji və Maliyyə Nazirləri, yaxşı işləyən, sabit və şəffaf enerji bazarlarının təmin edilməsinə qəti öhdəliyimizi bir daha təsdiqləyirik. Biz qlobal neft və qaz bazarlarında adekvat tədarükün qorunması üçün müvafiq səyləri dəstəkləyirik. Bu kontekstdə bütün ölkələri karbohidrogenlərə və onlarla əlaqəli məhsullara əsassız ixrac məhdudiyyətləri tətbiq etməkdən çəkinməyə çağırırıq. Biz qlobal iqtisadi sabitlik və enerji təhlükəsizliyi üçün vacib olan təhlükəsiz və maneəsiz ticarət axınlarının əhəmiyyətini, o cümlədən naviqasiya təhlükəsizliyinin və kritik dəniz marşrutları ilə infrastrukturun qorunmasının zəruriliyini bir daha təsdiqləyirik”, – bəyanatda deyilib.
“Böyük Yeddilik” ölkələrinin maliyyə nazirləri enerji bazarının sabitliyini və təhlükəsizliyini qorumaq üçün tərəfdaşlarla sıx koordinasiyanı davam etdirməyə hazır olduqlarını bildiriblər.
“Biz, “Böyük Yeddilik” Enerji və Maliyyə Nazirləri və Mərkəzi Bank Sədrləri, BVF-ni, Dünya Bankı Qrupunu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatını (OECD) enerji bazarlarındakı inkişafların iqtisadi təsirini qiymətləndirmələrini dərinləşdirməyə çağırırıq. “Böyük Yeddilik” çərçivəsində və beynəlxalq tərəfdaşlarla məlumat mübadiləsi aparmağa və sıx əlaqələndirməyə davam edəcəyik və gələcək inkişaflara cavab vermək üçün lazım gəldikdə görüşməyə hazırıq”, – bəyanatda deyilib.