Xəstəliklərə Nəzarət Mərkəzi günəş şüalarından qorunmaq və günəş yanıqlarının qarşısını almaq üçün tövsiyələr yayımlayıb

11:26, 22.08.2026

Yay aylarında günəş yanıqları xüsusilə tez-tez müşahidə olunur. Ultrabənövşəyi şüaların həddindən artıq təsiri isə sağlamlıq üçün bir sıra risklərlə əlaqələndirilir.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz günəşdən qorunmaq və günəş yanıqlarının qarşısını almaq üçün tövsiyələr yayıb.
“Günəş qaralması ultrabənövşəyi şüaların təsiri nəticəsində dəridəki piqment hüceyrələrinin zədələnməsinin nəticəsidir. Tez-tez qaralmaq dərinin vaxtından əvvəl qocalması, piqment ləkələrinin yaranması və dəri xərçənginin inkişafı riskini artırır. Ultrabənövşəyi şüalanma görmə qabiliyyətində ciddi problemlərə, o cümlədən korluğun əsas səbəblərindən biri olan kataraktaya səbəb ola bilər.
Günəş altında və ya solariumda həddindən artıq şüalanma dəridə yanıq yarada bilər. Bu zaman dəridə qızartı və ağrı, zədələnmiş nahiyədə şişkinlik, içi maye ilə dolu qabarcıqlar, bədən hərarətinin yüksəlməsi, ümumi halsızlıq və ürəkbulanma müşahidə oluna bilər”, – deyə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin məlumatında bildirilir.
Mərkəzin tövsiyəsinə əsasən, günəş yanığı zamanı yaranan qabarcıqlara toxunmaq və onları partlatmaq olmaz. Həmçinin günəşə yenidən çıxmaqdan çəkinmək lazımdır. Yanıq bir yaşadək uşaqda baş veribsə, yüksək hərarət, içi maye ilə dolu qabarcıqlar və şiddətli ağrı yaranıbsa, mütləq tibbi yardım göstərilməlidir.
Açıq rəngli dəri, saç və gözlərə sahib insanlar, 6 yaşadək uşaqlar və 60 yaşdan yuxarı şəxslər günəş yanığına qarşı xüsusilə həssasdırlar.
Profilaktika məqsədilə mərkəz əhaliyə günəş altında qalma müddətini məhdudlaşdırmağı, xüsusilə günəşin ən aktiv olduğu vaxtlarda – günorta saatlarından iki saat əvvəl və iki saat sonra – günəş şüalarından uzaq durmağı tövsiyə edir.
“Ultrabənövşəyi şüalardan yüksək səviyyədə qoruyan, açıq rəngli, təbii parçadan hazırlanmış və bədəni sıxmayan geyimlərdən, geniş kənarlı papaqdan və tünd rəngli gün eynəyindən istifadə etmək tövsiyə olunur.
Bundan əlavə, günəşdən qoruyucu vasitələrdən istifadə etmək də vacibdir. Günəşə çıxmazdan 20 dəqiqə əvvəl SPF 30 və ya daha yüksək qoruma faktoru olan krem çəkmək və onu hər iki saatdan bir yeniləmək tövsiyə olunur”, – deyə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzdə bildirilib.

Oxşar