Xarici media – İran və ABŞ danışıqlarından sonra Oman Sultanı Vladimir Putinlə Moskvada görüşəcək
İran və ABŞ arasında danışıqlardan sonra Oman Sultanı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, – bu barədə yerli media məlumat yayır.
Oman sultanı Heysəm bin Tariq Əl Səid aprelin 21-də Moskvaya gələcək və aprelin 22-də Rusiya prezidenti ilə görüşəcək.
Kreml Oman sultanının görüşlərində regional və qlobal məsələlərlə bağlı əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib, lakin əlavə təfərrüatları dəqiqləşdirməyiblər. Bununla yanaşı, Kremlin məlumatına görə, liderlər ticarət-iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.
Hazırda Romada ABŞ və İran arasında dolayı danışıqların ikinci mərhələsi davam edir.
İkinci raundun keçirilməsindən bir gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Moskvada olub və orada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən sonra Sergey Lavrov bildirib ki, Moskva İranın qanuni maraqlarını nəzərə almaq şərti ilə Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunmasına töhfə verməyə hazırdır.