Xalq Müdafiəçisi - 14 iyun Gürcüstanda məhdud imkanlı şəxslərin müdafiəsi günü qeyd olunur, qanunla təmin edilmiş hüquqlara baxmayaraq, hələ də bir çox çağırış qarşısında dayanırlar
Xalq Müdafiəçisi - 14 iyun Gürcüstanda məhdud imkanlı şəxslərin müdafiəsi günü qeyd olunur, qanunla təmin edilmiş hüquqlara baxmayaraq, hələ də bir çox çağırış qarşısında dayanırlar

14 iyun tarixində Gürcüstanda Məhdud İmkanlı Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Milli Gün qeyd olunur. Bu günün məqsədi cəmiyyətdə məhdud imkanlı şəxslər barədə məlumatlılığı artırmaq və onların hüquqlarının həyata keçirilməsinə dəstək göstərməkdir.

Xalq Müdafiəçisi Aparatı tərəfindən yayılan məlumata görə, BMT-nin “Məhdud İmkanlı Şəxslərin Hüquqları haqqında Konvensiyası” və milli qanunvericiliklə təmin edilmiş hüquqlara baxmayaraq, Gürcüstanda məhdud imkanlı şəxslər hələ də bir çox çağırış qarşısında dayanırlar.

“Çətinliklər arasında əlillik statusunun müəyyən edilməsinin biopsixososial modelinin tətbiqi prosesinin ləngiməsi, davamlı və keyfiyyətli inklüziv təhsilə çıxış, açıq əmək bazarında məşğulluq, fiziki mühitə, xidmətlərə, informasiyaya və kommunikasiyalara əlçatanlıq daxildir. Həmçinin, məhdud imkanlı şəxslərin ictimai və siyasi həyatda iştirak hüququnun reallaşdırılması da problemli olaraq qalır.

Məhdud imkanlı şəxslər üçün müstəqil yaşamağı təşviq edən və fərdi dəstək təmin edən xidmətlərin azlığı qeyd olunmalıdır. Yetkinlik yaşına çatmış məhdud imkanlı şəxslər üçün lazımi reabilitasiya proqramları hələ də mövcud deyil. Həmçinin diqqət çəkən məqam odur ki, məhdud imkanlı uşaqlar şəxsi köməkçi dövlət proqramının hədəf qrupu kimi qəbul edilmir.

Ölkə psixi sağlamlıq hüququnun həyata keçirilməsi baxımından hələ də ciddi çağırışlarla üzləşir. Psixiatrik müəssisələrin əksəriyyətində mövcud olan şərait orada yerləşdirilmiş pasiyentlərin hüquqlarının qorunmasını və terapevtik yanaşmanı təmin edə bilmir.

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, Gürcüstanın Xalq Müdafiəçisi cari il tematik istiqamətlər üzrə bir neçə xüsusi hesabatın hazırlanmasını planlaşdırır”, – Xalq Müdafiəçisi Aparatı tərəfindən yayılan məlumatda deyilib.