"Wall Street Journal" - ABŞ-da qaçqın kimi yaşayan ukraynalıların bir hissəsi, ehtimal ki, qanuni statuslarını itirə bilər
ABŞ-da qaçqın kimi yaşayan ukraynalıların bir hissəsi, ehtimal ki, qanuni statuslarını itirə bilər. Bu barədə məlumatı “Wall Street Journal” yayır.
Medianın yazdığına görə, əgər Donald Trampın administrasiyası yeni tədbirlər görməsə, ABŞ-da 120 minədək ukraynalıya ölkədə qanuni qalmaq hüququ verən ikiillik müddət başa çatacaq. Söhbət Bayden administrasiyası dövründə yaradılmış “United for Ukraine” proqramından gedir ki, bu proqram vasitəsilə ölkəyə ukraynalı qaçqınlar qəbul edilmişdi. Lakin Donald Tramp Ağ Ev administrasiyasına qayıtdıqdan sonra bu proqram ləğv edilib və Tramp həmçinin həmin şəxslər üçün iş icazələrinin uzadılmasını dayandırıb.
Medianın məlumatına görə, “United for Ukraine” proqramı ilə təxminən 250 minə yaxın ukraynalı Amerika Birləşmiş Ştatlarına gəlib. Lakin 2023-cü ilin avqustun 16-dək ölkəyə daxil olan şəxslər hələ də “müvəqqəti müdafiə statusu” adlanan başqa bir proqramdan yararlanırlar. Təxminən 120 min qaçqın isə, bu tarixdən sonra ölkəyə daxil olduqlarına görə, humanitar proqramın müddəti bitdikdən sonra qeyri-qanuni vəziyyətə düşəcəklər.
Bir az əvvəl Donald Tramp bəyan edib ki, ukraynalılara müharibə bitənədək ölkədə qalmağa icazə vermək imkanını nəzərdən keçirir, lakin hələlik bu barədə qərar qəbul edilməyib.