Volqoqradda hərbi-sənaye müəssisəsinə Ukrayna raketləri ilə edilən hücum nəticəsində bir nəfər həlak olub, xəsarət alanlar da var
Rusiyanın Volqoqrad şəhərində yerləşən hərbi-sənaye müəssisəsinə Ukraynanın uzaqmənzilli raketləri ilə edilən hücum nəticəsində bir nəfər həlak olub.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun bildirdiyinə görə, zavod əməkdaşının cəsədi təmizlik işləri zamanı aşkar edilib.
Onun sözlərinə görə, daha bir əməkdaşın axtarış işləri davam etdirilir.
Son göstəricilərə görə, hücum zamanı xəsarət alan 11 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
Məlumat üçün bildirək ki, Volqoqradda “Titan-Barrikad” hərbi-sənaye müəssisəsinə Ukraynanın “Flamingo” tipli raketləri ilə hücum həyata keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, sözügedən zavod Rusiya müdafiə sənayesinin əsas obyektlərindən biridir. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibə aparmağa xidmət edən bütün müdafiə obyektləri Ukrayna üçün qanuni hədəfdir.