Volodimir Zelenski Ukraynanın tərəfdaşlarından “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər aldığını bildirib
Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna tərəfdaşlarından “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər qəbul edib.
Zelenski söhbətin hansı miqdardan getdiyini dəqiqləşdirməsə də, daha çoxuna ehtiyac olduğunu qeyd edib. Bundan əvvəl Ukrayna prezidenti qış üçün onlara ən azı 360 raketin lazım olduğunu bildirirdi.
“Bir az da “Patriot” raketləri qəbul etdik. Nə qədər olduğunu deyə bilmərəm, amma azdır. Daha çoxu lazımdır”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna qanadlı raketləri zərərsizləşdirmək qabiliyyətinə malik Fransa istehsalı “Crotale” zenit-raket komplekslərinin və onlara aid raketlərin tədarükü barədə təsdiq alıb.
Prezidentin qeyd etdiyi kimi, Ukrayna Rusiya mərmilərini vura bilən AIM raketləri də qəbul edib.