Volodimir Zelenski ukraynalı əsgərlərin imzaladığı bayrağı Konqresə təqdim edib
Ukrayna Prezidenti Volodimir Zelenski Konqresdə ABŞ qanunvericilərinə ukraynalı hərbçilər tərəfindən imzalanmış Ukrayna bayrağını təqdim edib.
Zelenski bayrağı ona Baxmutdakı əsgərlərin verdiyini bildirib.
“Dünən Baxmutda olarkən qəhrəmanlarımız bayrağı mənə verdilər. Ukraynanı, Avropanı, dünyanı canları bahasına qoruyanların bayrağı. Məndən bu bayrağı sizə, qərarları milyonlarla insanın həyatını xilas edə bilən Konqres üzvlərinə gətirməyi xahiş etdilər. Qoy bu qərarlar qəbul olunsun. Qoy bu bayraq sizinlə qalsın. Xanımlar və cənablar, bu bayraq bizim bu müharibədə qələbəmizin simvoludur. Biz dayanırıq, mübarizə aparırıq və qalib gələcəyik, çünki biz birik – Ukrayna, Amerika və bütün azad dünya”- deyə Zelenski açıqlayıb.
Buna cavab olaraq Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ukrayna liderinə səfəri günü Kapitoli üzərində qaldırılan Amerika bayrağını xatirə olaraq verib.