Volodimir Zelenski - Ukrayna çox çətin seçim qarşısında qala bilər: ya ləyaqətini və əsas tərəfdaşını itirmək riski ilə üzləşmək, çətin 28 bənd, ya da son dərəcə sərt bir qış
Ukrayna ya ləyaqətini, ya da əsas tərəfdaşını itirə bilər”, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, hazırda ölkənin tarixində ən çətin anlardan biri yaşanır və Ukraynaya qarşı ən ağır təzyiqlərdən biri həyata keçirilir.
“İndi Ukrayna çox çətin seçim qarşısında qala bilər. Ya ləyaqətini itirmək, ya da əsas tərəfdaşını itirmək riski. Ya çətin 28 bənd, ya da son dərəcə çətin qış – İndiyədək ən çətin gün və gələcək risklər – azadlıq, ləyaqət və ədalət olmadan yaşamaq və artıq iki dəfə bizə hücum etmiş bir insana etibar etmək”, – Zelenski bildirib.
ABŞ-ın təklif etdiyi “sülh planı”na gəlincə, Ukrayna prezidenti qeyd edib ki, onlar Ukraynadan cavab gözləyirlər.
Ukrayna prezidentinin sözlərinə görə, ölkənin milli maraqları nəzərə alınmalıdır.
“Biz diqqətçəkici bəyanatlar vermirik. Amerika və bütün tərəfdaşlarımızla sakit işləyəcəyik. Biz əsas tərəfdaşımızla konstruktiv şəkildə həll yolları axtarırıq. Mən arqumentlər təqdim edəcəyəm, inandıracağam, alternativlər təklif edəcəyəm, amma biz qətiyyən düşmənə Ukraynanın sülh istəmədiyini, prosesi pozduğunu və Ukraynanın diplomatiyaya hazır olmadığını söyləməyə əsas verməyəcəyik”, – Zelenski bildirdi və Ukraynanın sürətlə işləyəcəyini vəd etdi.
Məlumat üçün bildirək ki, dünən mediada Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı “sülh planı”nın məzmunu yayıldı. Trampın “sülh planı”na görə, “Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək, NATO genişlənməyəcək, Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiyanın bölgələri kimi tanınacaq”. ABŞ tələb edir ki, Ukrayna planı 27 noyabradək qəbul etsin.