Volodimir Zelenski - Ukrayna daim müharibənin diplomatik yolla başa çatdırılmasını dəstəkləyir, ədalətli və dayanıqlı sülhün əldə olunması istiqamətində Türkiyənin vasitəçilik rolunu  qiymətləndiririk
Volodimir Zelenski - Ukrayna daim müharibənin diplomatik yolla başa çatdırılmasını dəstəkləyir, ədalətli və dayanıqlı sülhün əldə olunması istiqamətində Türkiyənin vasitəçilik rolunu qiymətləndiririk

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Zelenski Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana ədalətli və davamlı sülhün bərqərar olunmasına göstərdikləri dəstəyə, həmçinin Ukrayna və Rusiya nümayəndə heyətlərinin mayın 16-da İstanbulda keçiriləcək görüşünün təşkilində göstərdikləri köməyə görə təşəkkür edib.

Ukrayna prezidenti qeyd edib ki, bu danışıqların nəticəsi min ukraynalının azad edilməsi olub.

“Ukrayna daim müharibənin diplomatik yolla başa çatdırılmasını dəstəkləyir, ədalətli və dayanıqlı sülhün əldə olunması istiqamətində Türkiyənin vasitəçilik rolunu qiymətləndiririk”, – Zelenski bildirib.

Ukrayna prezidenti Hakan Fidanla görüşündə qeyd edib ki, Rusiya bir həftədən çoxdur ki, əsir mübadiləsindən dərhal sonra təqdim etməyə söz verdiyi memorandumu hazırlamayıb.

“Biz onlardan bununla bağlı heç bir sənəd almamışıq. Türkiyə də Rusiyadan heç bir sənəd almayıb ki, bu da ev sahibi tərəfi kimi ölkəyə hörmətsizliyin təzahürüdür. Biz danışıqlara hazırıq, lakin onlar lazımi şəkildə hazırlanmalıdır”, – Zelenski qeyd edib.

Bununla yanaşı, Ukrayna prezidenti sanksiyalar vasitəsilə Rusiyaya təzyiqlərin artırılmasının vacibliyindən danışıb.

“Rusiyanı bu müharibəni dayandırmağa məcbur etmək üçün mümkün olan hər şeyi etmək lazımdır. Moskva dünyaya öz şərtlərini tətbiq etməyi dayandırmalı və səmimi şəkildə danışıqlara başlamalıdır”, – deyə Zelenski bildirib.