Volodimir Zelenski Rusiyanın Kursk vilayətində əks-hücuma başladığını bildirir
Ukraynanın Prezidenti Volodimir Zelenski, Rusiya Silahlı Qüvvələrinin Kursk vilayətində əks hücuma keçdiyini bildirir. Bundan əvvəl yalnız qeyri-rəsmi mənbələr rusların əks-hücuma başlaması haqda xəbər verirdilər. Zelenski qeyd edib ki, Kurskda hadisələr “Ukrayna planı”na əsasən inkişaf edir.
Öz növbəsində, Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ordusunun əvvəllər ələ keçirdiyi on yaşayış məntəqəsinə “nəzarəti bərpa etdiyini” bəyan edib.
Əvvəlki gün Ukraynanın “Deepstate” layihəsi Rusiya ordusunun Kursk vilayətində hücum əməliyyatları zamanı rus qoşunlarının Seym çayı və bölgənin daha kiçik çaylarının üzərindən zirehli texnikanı keçirə bildiyini yazmışdı.
Rus hərbiyönlü “Telegram” kanalları da Kursk yaxınlığında Rusiya ordusunun əks-hücumu haqqında xəbər verirdilər. Bundan başqa, “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri, general-mayor Apti Alaudinov da on yaşayış məntəqəsinin “təmizlənməsi və rus qoşunları tərəfindən nəzarətin bərpası” haqqında məlumatı “Ria Novosti” agentliyinə təsdiqləyib.