Qivi Mikanadze – Bu il istisna edəcəyik və İrakli Kobaxidzenin təşəbbüsü ilə, milli imtahanlarda minimum həddi keçən 1795 abituriyentə “təkrar qəbul” imkanı yaradırıq

17:55, 30.08.2026

Ali təhsilin milli islahatına başladığımızı və cari ilin keçid dövrü olduğunu nəzərə alaraq, yalnız bu il istisna edəcəyik və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin təşəbbüsü ilə, vahid milli imtahanlarda müəyyən edilmiş minimum kompetensiya həddini keçən 1795 abituriyentə “təkrar qəbul” imkanı yaradırıq, – bu barədə bu gün keçirilən brifinqdə Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze bildirib.

Onun sözlərinə görə, sözügedən qərar bir dəfə qəbul edilib.

Nazirin izah etdiyinə görə, sentyabrın ilk yarısında dövlət və özəl ali, həmçinin peşə təhsili müəssisələrində qalan vakant yerlərə qeydiyyat elan ediləcək.

“İctimaiyyətə məlumdur ki, avqustun 19-da Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz vahid milli imtahanların nəticələrini açıqlayıb. Həmin nəticələrə görə, cari ildə vahid milli imtahanlarda iştirak edən 39 689 abituriyentdən 34 150-si ali və peşə təhsili proqramlarına qəbul olunub. 1795 abituriyent vahid milli imtahanlar və ya peşə təhsili proqramları üçün müəyyən edilmiş minimum kompetensiya həddini keçsə də, heç bir təhsil proqramına qəbul ola bilməyib. Bunun səbəbi isə o olub ki, onlar yalnız bir, iki və ya bir neçə proqram seçiblər və həmin proqramlara qəbul üçün topladıqları ballar kifayət etməyib. Belə hallar, təəssüf ki, hər il qeydə alınır. Gürcüstanın ali təhsil müəssisələrində illərdir tətbiq olunmayan təkrar qəbul təcrübəsinə, islahatların keçid dövrü ilə əlaqədar olaraq cari ildə istisna hal kimi icazə verilir. Baş nazir İrakli Kobaxidzenin təşəbbüsü ilə vahid milli imtahanlarda minimum kompetensiya həddini keçmiş 1795 abituriyentə bu il təkrar qəbul imkanı yaradılır.

Miqyaslı islahatın ilk ilində həyata keçirilən təşəbbüslər abituriyentlər və ictimaiyyət üçün müəyyən yenilik təşkil edir. Müvafiq olaraq, bütün bunları nəzərə alaraq, sözügedən qərar istisna qaydada, birdəfəlik olaraq qəbul edilib.

Sentyabrın ilk yarısında dövlət və özəl ali, həmçinin peşə təhsili müəssisələrində qalan vakant yerlərə qeydiyyat elan olunacaq, bundan sonra milli imtahanlarda minimum keçid balını toplayan abituriyentlərə sözügedən proqramlara qeydiyyatdan keçmək imkanı veriləcək.

Hər bir gənc üçün keyfiyyətli təhsilin əlçatanlığını təmin etmək bizim əsas məqsədimizdir. Ali təhsil islahatları çərçivəsində qəbul edilmiş görünməmiş qərarlar məhz buna xidmət edir. Bildiyiniz kimi, cari ildə dövlət universitetlərinə qəbul olan hər bir tələbənin təhsil haqqı dövlət tərəfindən tamamilə maliyyələşdiriləcək ki, bu da gənclər üçün təhsil almaq istiqamətində daha çox imkan yaradır. Biz təhsilin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atmağa davam edirik, çünki inanırıq ki, gənclər üçün yaradılan hər bir yeni imkan ölkəmizin tərəqqisinə və inkişafına qoyulan investisiyadır”, – Qivi Mikanadze qeyd edib.

Oxşar