Volodimir Zelenski-Rusiya Zaporojie elektrik stansiyasında qəzanı təhrik edə bilər, mahiyyət etibarı ilə bu nüvə silahından istifadə etməklə eyni olacaq
Rusiya tərəfindən Zaporojie elektrik stansiyasında təhrik edilən qəza, mahiyyət etibarı ilə Rusiyanın nüvə silahından istifadə etməsi ilə eyni olacaq-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski tərəfdaş ölkələrin müdafiə nazirləri ilə videokonfrans zamanı açıqlama verib.
“Əminəm ki, hər biriniz Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyi halda, necə hərəkət edəcəyiniz barədə artıq düşünürsünüz . Daha bir şey barədə düşünün – Rusiya Zaporojie elektrik stansiyasında bəşəriyyət tarixində ən böyük radiasiya qəzasını təhrik edə bilər və faktiki nəticələr isə Çernobıldan da fəlakətli ola bilər və mahiyyət etibarı ilə bu, nüvə zərbəsi olmadan nüvə silahından istifadə ilə eyni olacaq” – deyə Ukrayna prezidenti bildirib.
O, belə olan halda küləyin radiasiya yaymasını heç kimin dayandıra bilməyəcəyini, lakin bütün dünyanın birlikdə onu dayandıra biləcəyini bildirib.
Zelenski , Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyin labüd olduğunu bildirib. Belə ki, “Rosatom” və Rusiyanın bütün nüvə sənayesinə qarşı sanksiyalar tətbiq edilməlidir.
“Biz Avropanı bu təhlükədən qorumalıyıq. Birlikdə qoruyacağıq və bəlkə də təkcə Avropanı deyil, çünki Zaporojie AES bizim qitəmizdə ən böyüyüdür. O, dünyada böyüklüyünə görə üçüncüdür. Onun altı enerji bloku var” – deyə Zelenski bildirib.
Xatırladaq ki, avqustun 5-də Ukraynanın Atom Enerjisi Agentliyi Rusiya ordusunun Zaporojie elektrik stansiyasına iki dəfə atəş açdığını açıqlamışdı. Avqustun 6-da isə Rusiya atom elektrik stansiyasının yerləşdiyi Enerqodar şəhərinə raket zərbələri endirib. Kiyev, raketlərin təkrar emal olunmuş nüvə yanacağı anbarının yaxınlığına düşdüyünə dair məlumat yayıb.