Volodimir Zelenski Rusiya hərbçilərini heç bir ilkin şərt olmadan Zaporojie AES-in ərazisini tərk etməyə çağırıb
Ukrayna prezidenti, Volodimir Zelenski Rusiya hərbçilərini heç bir ilkin şərt olmadan Zaporojie AES-in ərazisini tərk etməyə çağırıb. Bu barədə Ukrayna prezidenti müharibənin 173-cü gününün sonunda yayımlanan videomüraciətində açıqlayıb.
“Zaporojie stansiyasında baş verən istənilən radiasiya insidenti Avropa İttifaqı ölkələrinə, Türkiyə, Gürcüstan və daha uzaq region ölkələrinə zərbə ola bilər. Hər şey sadəcə olaraq küləyin istiqamətindən və sürətindən asılı olacaq. Əgər Rusiyaya görə fəlakət baş verərsə, bu hələ də səssiz qalanlara da zərbə olacaq. Bu məsələ artıq ən yüksək beynəlxalq səviyyədə – BMT-nin və Beynəlxalq Atom Enerjisi Agentliyinin gündəmindədir. Aydındır ki, Rusiyanın nüvə təhdidi dövlətlər arasında da müzakirə olunur. Böyük Yeddiliyə üzv dövlətlərin müvafiq bəyanatı var. Onlar nüvə böhranına görə Rusiyanın məsuliyyət daşıdığını aydın başa düşürlər. Lakin, “Rosatom” a və terrorçu dövlətin bütün nüvə sənayesinə qarşı yeni sərt sanksiyaların tətbiqi ilə bağlı müzakirələrdən və çağırışlardan keçməyin vaxtı çatıb. Bütün rus qüvvələri heç bir ilkin şərt olmadan stansiyadan və ətraf ərazilərdən dərhal geri çəkilməlidir” – deyə Zelenski bildirib.
O, bildirib ki, əgər bütün dünya bir nüvə stansiyasını qoruya bilməsə, o zaman uduzacaq.