Volodimir Zelenski – Rusiya dünyanı radiasiya fəlakətinin astanasına qoydu
Rusiya dünyanı radiasiya fəlakətinin astanasına qoydu-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının təcili iclası zamanı videomüraciətində bildirib. Növbədənkənar iclas altı ölkənin, Albaniya, ABŞ, Birləşmiş Krallıq, Fransa, İrlandiya və Norveçin tələbi ilə Ukraynada müharibənin başlamasının altıncı ayı ilə əlaqədar keçirilib.
Zelenski bildirib ki, “Rus hərbçilər Avropanın ən böyük atom elektrik stansiyasının ərazisini döyüş zonasına çeviriblər”.
Prezident, Beynəlxalq Atom Enerjisi Agentliyinin stansiyaya daimi nəzarəti öz üzərinə götürməli olduğunu bildirib, “Rusiya isə qeyd-şərtsiz nüvə şantajını dayandırmalı və stansiyanın ərazisini tərk etməlidir”.
Zelenski çıxışında Rusiyanın təcavüzü nəticəsində dünyada yaranan “süni aclığı” və enerji böhranını da vurğulayıb.
BMT-nin baş katibi Antonio Qutiereşin sözlərinə görə, “bu mənasız müharibənin nəticələri Ukraynanın hüdudlarından kənarda da hiss olunur”. Baş katib Zaporojie AES ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib.
Qeyd etmək lazımdır ki, Rusiya Zelenskinin videomüraciət şəklində sessiyada iştirakına qarşı çıxıb.