Volodimir Zelenski Kiyevdə səfərdə olan ABŞ dövlət katibi ilə görüşüb

20:02, 08.09.2022

 

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan ABŞ dövlət katibi ilə görüşüb. Zelenski Blinkenin səfərini və ABŞ-ın dəstəyini vacib siqnal və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini qaytara biləcəyinə zəmanət adlandırıb.

“Komandanızın səfəri bizim üçün mühüm mesajdır və işğalçı Rusiyaya qarşı müharibədə azadlığımız, demokratiyamız, xalqımız, torpaqlarımız üçün bu gün dünya dövlətləri arasında mövcud olan Ukraynaya lider dəstəyinin təsdiqidir. Bu siqnala, hər gün bizə verdiyiniz böyük dəstəyə görə minnətdarıq. Bizim üçün bu, ərazilərimizi geri qaytara biləcəyimizə zəmanətdir”- deyə Zelenski bildirib.

Öz növbəsində, ABŞ dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonun Ukrayna və digər 18 ölkəyə elan etdiyi hərbi yardımdan danışıb.

“Biz Konqresə Ukraynaya əlavə bir milyard dollar xarici hərbi yardım ayırmağı planlaşdırdığımız barədə məlumat vermişik. Bu uzunmüddətli yardımdır. Biz həmçinin Ukraynanı dəstəkləmək üçün çox işlər görən avropalı müttəfiqlərə və tərəfdaşlara əlavə bir milyard dollar ayıracağıq” -deyə Blinken bildirib.

Dövlət Departamentinin məlumatına görə, ABŞ Bayden administrasiyasının Ukraynanın və onun 18 qonşusunun, o cümlədən NATO müttəfiqlərinin və Rusiyanın təcavüzünün potensial təhlükələri ilə üzləşən ABŞ-ın regional tərəfdaşlarının təhlükəsizliyini gücləndirmək üçün 2,2 milyard dollar ayırmağı planlaşdırdığına dair Konqresi məlumatlandırır. “Associated Press” Dövlət Departamentinə istinadən Gürcüstanın da yardım alan 18 ölkə arasında olduğunu bildirib.

Bundan başqa, “Ramstein” formatında görüşdə müdafiə naziri Lloyd Ostin ABŞ-ın Ukraynaya 675 milyon dollar dəyərində silah və hərbi texnika tədarük edəcəyini açıqlayıb.

Prezident Volodimir Zelenski və xarici işlər naziri Dmitro Kuleba ilə görüşdən başqa, bu gün Entoni Blinken Kiyevdəki uşaq xəstəxanasına baş çəkib və hərbi əməliyyatlar nəticəsində xəsarət alan azyaşlıları ziyarət edib.

Oxşar