Volodimir Zelenski Kiyevdə Estoniya, Latviya, Litva, Norveç, Finlandiya, İsveç və İslandiyanın xarici işlər nazirləri ilə görüşüb

22:58, 28.11.2022

 

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Estoniya, Latviya, Litva, Norveç, Finlandiya, İsveç və İslandiyanın xarici işlər nazirləri ilə görüşüb.

“Onların səfəri dost, tərəfdaş ölkələrin, xüsusən də ən ciddi çağırışlar zamanı Ukraynaya qəti dəstək və həmrəyliyinin vacib mesajıdır. Mən Baltikyanı və Şimali Avropa dövlətlərinə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin müdafiəsində daim aktiv və effektiv dəstəyə görə təşəkkür edirəm” – deyə Volodimir Zelenski bildirib.

Öz növbəsində, Estoniyanın xarici işlər naziri Urmas Reinsalu “Reuters” agentliyinə müsahibəsində Rusiyanın Ukraynadakı müharibəsinə görə Avropa ölkələrinin müdafiə xərclərini iki dəfə artırmalı olduqlarını bildirib. O, Estoniyanın müdafiə xərclərini ÜDM-in 3%-nə çatdırmağı planlaşdırdığını bildirib.

“Avropa ölkələrinin Ukraynada müharibə zamanı və müharibədən sonra müdafiə xərclərini iki dəfə artırmalarını arzu edərdik. Biz ÜDM-in 3%-ni milli müdafiəyə sərf etmək niyyətindəyik”.

Reinsalu həmçinin bildirib ki, Aİ Ukraynaya hərbi yardımı artırmalıdır.

Ukraynanın baş naziri Denis Şmiqal “Twitter” sosial şəbəkəsində Kiyevdə 7 ölkənin xarici işlər nazirləri ilə Avropa İttifaqının sanksiyalarının sərtləşdirilməsi, Ukraynanın enerji infrastrukturunun bərpası, maliyyə dəstəyi və Avro-Atlantik istəklərin müzakirə edildiyini yazıb.

Oxşar