Volodimir Zelenski Kirill Budanovun yerinə Oleq İvaşçenkonu Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edib
Ukrayna prezidenti Volodimir Zelenski Kirill Budanovun yerinə Oleq İvaşçenkonu Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edib. Bundan əvvəl İvaşçenko Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olub.
“Bu gündən Oleq İvaşçenko ölkəmizə xidmət etməyə və Rusiyanın hərbi potensialının məhdudlaşdırılması tapşırığını yerinə yetirməyə davam edəcək”, – Zelenski sosial şəbəkədə yazır.
Zelenskinin qeyd etdiyi kimi, İvaşçenko ilə görüş zamanı ona Ukraynadakı ümumi vəziyyət və onun üzləşdiyi təhlükələr barədə məlumat verib.
“Biz Rusiyanın iqtisadi potensialının azaldılmasına diqqəti davam etdirəcəyik – təcavüzkar nə qədər az istehsal etsə, diplomatiya üçün bir o qədər çox imkanlar olacaq. Bu, xüsusən məhdudlaşdırılacaq və ucuzlaşacaq Rusiya neftinin ixracına aiddir. Biz Rusiyanın hərbi istehsalına da oxşar yanaşma nümayiş etdiririk. Təcavüzkarın dünya ilə əlaqələrini və sanksiyalardan yayınma sxemlərini nə qədər çox qırsaq, müharibənin başa çatdırılması səylərinin potensialı bir o qədər böyük olacaq. Təhlükəsizlik xidmətinə bu sahədə gördüyü işlərə və müvafiq məlumatlara görə minnətdaram”, – deyə Zelenski qeyd edib.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kirill Budanovu ofisin rəhbəri vəzifəsinə təyin edib. Prezidentin dediyinə görə, Budanov yeni vəzifəsində əsas diqqəti təhlükəsizlik məsələlərinə, Ukraynanın müdafiə qüvvələrinin və təhlükəsizliyinin inkişafı, həmçinin danışıqların diplomatik yoluna yönəldəcək.
Budanov özü bildirib ki, o, Zelenskinin təklifini qəbul edib və onun işinin “strateji təhlükəsizliyin kritik vacib məsələləri” üzərində cəmlənəcəyini qeyd edib.