Volodimir Zelenski – İsraillə münasibətlər son vaxtlar daha da istiləşib, fasilədən sonra biz irəliyə doğru addımlar atıldığını görürük
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın İsraillə münasibətlərinin istiləşdiyini bildirib. Ukrayna mətbuatı Zelenskinin bu barədə Kiyevdə Qvineya-Bisau prezidenti ilə keçirdiyi brifinqdə açıqlama verməsi ilə bağlı məlumat yayır.
Ukrayna prezidenti bildirib ki, İran dronları haqqında kəşfiyyat məlumatlarının paylaşılmasına dair İsraillə əməkdaşlıq bir neçə gün əvvəl başlayıb.
O, hazırda Ukraynanın İsraillə əməkdaşlıq yolunun başlanğıcında olduğunu açıqlayıb
“Münasibətlərimiz hamıya narahatlıq yaradır, lakin o son vaxtlar istiləşib. Fasilədən sonra biz irəliyə doğru addımlar atıldığını görürük… biz İsraillə əməkdaşlığın başlanğıcındayıq. Bu da İsrail tərəfindən müsbət tendensiyadır. Mən buna görə minnətdaram” – deyə Ukrayna lideri bildirib. Bununla yanaşı, Zelenski İsraildən daha çox dəstək gözlədiyini söyləyib.
“İsrail müharibənin nə olduğunu bilir. Biz hesab edirik ki, İsrail Ukraynaya daha çox dəstək verməlidir. Fevralın 24-dən sonra bunu gözləyirik. Biz görürük ki, İsrail əhalisi ukraynalıları dəstəkləyir, lakin bizə İsrailin siyasi rəhbərliyi lazımdır”- deyə prezident bildirib.
Zelenski bildirib ki, İsrail kəşfiyyat məlumatları Rusiyanın Ukraynaya qarşı 400-dən çox İran dronundan istifadə etməsi barədə Ukrayna kəşfiyyatında olan məlumatları təsdiqləyir.
Xatırladaq ki, Ukrayna Baş Qərargahı tərəfindən verilən məlumatda, son həftələr Rusiyanın Ukraynanın mülki infrastrukturuna və yaşayış məntəqələrinə hücumlar üçün İran istehsalı kamikadze-dronlardan kütləvi şəkildə istifadə etdiyi deyilir.