Volodimir Zelenski G20 zirvə toplantısının iştirakçılarına müraciət edib- əminəm ki, Rusiyanın məhvedici müharibəsinin dayandırılmasının vaxtı çatıb, bu mümkündür

10:21, 15.11.2022

 
Ukrayna prezidenti Volodimir Zelenski G20 zirvə toplantısının iştirakçılarına videomüraciətində Rusiyanın məhvedici müharibəsinə son qoymağa çağırıb.

“Əminəm ki, Rusiyanın məhvedici müharibəsinin dayandırılmasının vaxtı çatıb, onu dayandırmaq mümkündür” – deyə Zelenski bildirib.

Balidə davam edən zirvə toplantısında çıxış edən Zelenski “Minsk razılaşması-3”ün olmayacağını bildirib.

“Ukrayna üçün vicdan, suverenlik, ərazi və müstəqilliklə bağlı kompromislər təklif etməyə dəyməz. Biz qaydalara hörmət edirik, sözümüzün adamlarıyıq. Ukrayna hər zaman sülh səylərində lider olub və dünya bunu görüb. Rusiya bu müharibəni bitirmək istədiyini deyirsə, bunu əməlləri ilə sübut etməlidir. Aydındır ki, Rusiyanın sözlərinə etibar etmək olmaz və imzalanan kimi Rusiyanın pozacağı “Minsk müqaviləsi-3” olmayacaq. Əgər sülhü bərpa etmək üçün cavab tədbirləri olmazsa, bu o deməkdir ki, Rusiya sadəcə olaraq hər kəsi yenidən aldatmaq və məğlubiyyətinin xüsusilə nəzərə çarpan bir vaxtda müharibəni dondurmaq istəyir. Biz Rusiyaya gözləməyə, qüvvələrini gücləndirməyə və sonra yeni terror seriyasına və qlobal sabitliyin pozulmasına başlamasına imkan verməyəcəyik” – deyə Zelenski bildirib.

Ukrayna prezidenti Zaporojie AES-in ərazisində davam edən hərbi əməliyyatlardan danışarkən qeyd edib ki, heç kimin dünyanı nüvə fəlakəti ilə şantaj etməyə hüququ yoxdur. O bildirib ki, Rusiya Zaporojie stansiyasını “hər an partlaya biləcək radioaktiv bombaya” çevirib.

Zelenski Rusiya ilə “hamı hamı üçün” metodu ilə əsir mübadiləsi təşəbbüsü ilə də çıxış edib.

Ukrayna prezidenti G20 zirvə toplantısında çıxışı zamanı sülhün bərqərar olması üçün 10 bəndlik düstur təqdim edib. O bildirib ki, Ukraynanın təklifləri bunlardır: radiasiya və nüvə təhlükəsizliyi; ərzaq təhlükəsizliyi; enerji təhlükəsizliyi; bütün əsirlərin və deportasiya edilənlərin azad edilməsi; BMT Xartiyasının yerinə yetirilməsi, ərazi bütövlüyünün və dünya nizamının bərpası; Rusiya qüvvələrinin çıxarılması və hərbi əməliyyatların yekunlaşdırılması; ədalətin bərpası; ekosidlə mübarizə; eskalasiyanın yolverilməzliyi; müharibənin sonunun müəyyən edilməsi.

Oxşar