Volodimir Zelenski - Donald Trampla görüş zamanı Ukraynanın almağa hazır olduğu müdafiə paketini müzakirə edəcəyəm
Volodimir Zelenski - Donald Trampla görüş zamanı Ukraynanın almağa hazır olduğu müdafiə paketini müzakirə edəcəyəm

Ukraynanın Prezidenti Volodimir Zelenski bildirir ki, o, ABŞ prezidenti Donald Trampla birlikdə növbəti müdafiə paketinin alınması məsələsini müzakirə etmək istəyir. Bu barədə Zelenski Vyanada, Avstriya Prezidenti ilə birgə mətbuat konfransında danışıb.

“Prezident Trampla görüşdə müzakirə edəcəyim məsələlərdən biri Ukraynanın almağa hazır olduğu müdafiə paketi ilə bağlıdır”, – deyə Zelenski qeyd edib.

Zelenski həmçinin son illər ərzində Amerika yardımının mühüm rolu haqqında da danışıb və izah edib ki, hələlik heç kim ABŞ-ın dəstəyi olmadan necə yaşamaq və mübarizə aparmaq lazım olduğunu təsəvvür etmək istəmir.

Hazırda iki ölkə arasında yeni yardımla bağlı rəsmi danışıqlar aparılmır, lakin, Zelenski ümid edir ki, bu məsələ gələcəkdə Prezident Trampla görüş zamanı müzakirə olunacaq.

Medianın məlumatına görə, Donald Tramp Kanadada keçiriləcək “Böyük Yeddilik” sammitində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.