Volodimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Ukraynaya səfərindən imtina edib
Ukrayna prezidenti Volodimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Ukraynaya səfərindən imtina edib. Bu barədə “France Presse” agentliyi Ukrayna prezidentinin ofisinə istinadən məlumat yayır.
Yayılan məlumatlara əsasən, Kazanda keçirilən “BRİCS” sammitində iştirak etdikdən sonra BMT-nin baş katibi Antonio Quterreş Ukraynaya səfər etmək istəyib, lakin prezident Zelenski onun səfərindən imtina edib. Qeyd olunan məlumatı Ukrayna prezidentinin ofisi “Ukrainkasia Pravda” nəşrinə təsdiqləyib.
Antonio Quterreşin Rusiyada keçirilən “BRİCS” sammitinə getməsi Kiyev tərəfindən tənqid edilib.
“Bəzi yüksək rütbəli məmur BMT Nizamnaməsinin məzmunundan daha çox Kazanın vəsvəsələrinə üstünlük verə bilsə də, dünyanın Birləşmiş Millətlər Təşkilatının yaradılması məqsədini unutmaması vacibdir”, – deyə Volodimir Zelenski bildirib.
BMT-nin baş katibi “BRİCS” sammitində çıxışı zamanı Ukraynada BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və Baş Assambleyanın qətnamələrinə müvafiq olaraq ədalətli sülhün bərqərar olmasının zəruriliyindən danışıb.
BMT-nin məlumatına əsasən, Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinlə görüşündə Rusiyanın Ukraynaya müdaxiləsinin BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulması olduğunu bildirib.