Volodimir Zelenski bildirir ki, son bir həftə ərzində Rusiya Ukraynaya qarşı 1 700-ə yaxın pilotsuz uçuş aparatı, 1 630-dan çox idarəolunan hava bombası və 95 müxtəlif tipli raketdən istifadə edib
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son bir həftə ərzində Rusiya tərəfi Ukraynaya qarşı 1 700-ə yaxın pilotsuz uçuş aparatı, 1 630-dan çox idarəolunan hava bombası və 95 müxtəlif tipli raketdən istifadə edib, bunun da yarısından çoxu ballistik raketdir.
“Zərbələrin qarşısını almaq məqsədilə döyüşçülərimizin lazımi vasitələrlə təmin olunması üçün tərəfdaşlarımızla hər gün əməkdaşlıq edirik. Ballistik əleyhinə avadanlıq paketlərini vaxtında almağımız çox vacibdir. İndi hər bir raket, əgər tərəfdaşlarımızın anbarlarında deyil, Ukrayna sistemlərindədirsə, sözün əsl mənasında insanların həyatını xilas etməyə kömək edir”, – deyə Volodimir Zelenski qeyd edir.
Volodimir Zelenski həmçinin son hücumlar barədə danışıb.
Onun sözlərinə görə, Xarkovda yaşayış binalarına həyata keçirilən hücum yerində bütün zəruri xidmətlər çalışır – zərbə nəticəsində bir nəfər həlak olub, ikisi uşaq olmaqla doqquz nəfər isə xəsarət alıb.
“Bir çox hədəfi vura bildik, lakin təəssüf ki, hamısını yox. Xerson, Donetsk, Dnepropetrovsk, Xarkov, Sumı, Odessa, Nikolayev, Zaporojye və Çerniqov vilayətlərinə, həmçinin Kiyevə zərbələr endirilib. Paytaxta ballistik raketlərlə zərbə vurulub, üç nəfər xəsarət alıb”, – deyə Ukrayna prezidenti izah edib.