Volodimir Zelenski Avropa İttifaqı liderlərinə məktubla müraciət edib – Avropa İttifaqında səs hüququ olmadan yer almaq ədalətsizlik olardı, Ukrayna bərabər hüquqlara layiqdir
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının “assosiativ üzvlüyü” ideyasını ədalətsiz hesab edir.
Avropa İttifaqı liderlərinə ünvanladığı məktubda Zelenski Almaniyanın Ukraynaya Avropa İttifaqında “assosiativ” status vermək təklifinin “ədalətsiz” olduğunu, çünki bu, Kiyevi Avropa İttifaqında səs vermək hüququndan məhrum edəcəyini bildirib.
“Səsvermə hüququ olmadan Avropa İttifaqında olmaq ədalətsiz olardı. Artıq Ukraynanın tam üzvlüyünə doğru irəliləməyin vaxtıdır”, – deyə Ukrayna prezidenti bildirib.
Zelenski müharibə zamanı göstərdikləri dəstəyə görə Avropa liderlərinə təşəkkür edib və qeyd edib ki, Ukrayna bütün Avropa İttifaqı üçün Rusiya təcavüzünə qarşı bir bastion (istehkam) rolunu oynayır.
“Biz Avropanı qoruyuruq – tamamilə, qismən və ya yarımçıq tədbirlərlə deyil. Ukrayna Avropada ədalətli yanaşmaya və bərabər hüquqlara layiqdir”, – Ukrayna prezidenti əlavə edib.
Məktubun ünvanlandığı şəxslər (adresatları) bunlardır: Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen və Kipr Prezidenti Nikos Xristodulidis.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merts Ukraynaya tamhüquqlu Avropa İttifaqı üzvlüyünə doğru aralıq bir addım kimi Avropa İttifaqının iclaslarında səs hüququ olmadan iştirak etmək hüququnun verilməsini təklif etmişdi.