Volodimir Zelenski – Aprelin 23-də Londonda görüş keçiriləcək, biz qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün konstruktiv işləməyə hazırıq
Aprelin 23-də Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ nümayəndələri Londonda görüşə keçirəcəklər, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmer ilə “ətraflı” telefon danışığı apardığını deyib.
“Çərşənbə günü bizim nümayəndələrimiz Londonda işləyəcəklər. Ukrayna, Böyük Britaniya, Fransa, ABŞ. Biz qeyd-şərtsiz atəşkəsə nail olmaq, ondan sonra real və davamlı sülhün bərqərar olması üçün mümkün qədər konstruktiv işləməyə davam etməyə hazırıq”, – deyə Zelenski bildirib.
Onun dediyinə görə, qeyd-şərtsiz atəşkəs sülhə doğru atılan ilk addım olmalıdır.
“Bizə kömək edən bütün tərəfdaşımıza təşəkkür edirəm. Qeyd-şərtsiz atəşkəs sülhə doğru ilk addım olmalıdır və bu Pasxa bizə Rusiyanın hərəkətlərinin müharibəni uzatdığını göstərdi”, – Zelenski yazır.
Ukrayna məediası yazır ki, Ukrayna nümayəndə heyətinə Andriy Yermak, müdafiə naziri Rustem Umerov və xarici işlər naziri Andrey Sibiqa daxildir.
Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında hər hansı bir növ “sülh müqaviləsi”nin bağlanması üçün “çox yaxşı” şans olduğunu bildirib.