Volodimir Zelenski Ali Radada illik müraciətlə çıxış edəcək

10:37, 28.12.2022

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə Ali Radada illik müraciətlə çıxış edəcək. Zelenskinin gündəlik videomüraciətində dediyi kimi, Radadakı çıxışı zamanı o, Ukrayna ərazilərinin azad edilməsi və Ukraynanın bərpası da daxil olmaqla, Ukraynanın milli məqsədlərini həyata keçirmək üçün öz baxışını təqdim etməyi planlaşdırır.

“Bu həftə Ukrayna üçün siyasi nöqteyi-nəzərdən mühüm olacaq. Növbəti ilə keçirik və milli məqsədlərimizin ümumi anlayışını qorumalıyıq. Təbii ki, bu, torpaqlarımızın düşməndən azad edilməsi, Ukraynanın bərpası, xalqımızın öz yurd-yuvasına qayıtması, dövlətimizin əsas tərəfdaşlara daha da yaxınlaşması, Ukrayna üçün dünyada yeni imkanların açılmasıdır. Bunlar təkcə dövlətin deyil, hər birimizin yaxın gələcək üçün vəzifələridir. Yaxın vaxtlarda mən Ukraynanın daxili və xarici vəziyyəti ilə bağlı illik müraciətimdə Ali Radada bu vəzifələrin həyata keçirilməsi ilə bağlı öz baxışımı təqdim edəcəyəm. İstərdim ki, bu müraciət hesabat yox, gələn illə bağlı söhbətimiz olsun. Ukrayna üçün çalışan hər kəsə təşəkkür edirik! Müstəqilliyimiz uğrunda mübarizə aparan hər kəsə təşəkkürlər! Düşməni məğlubiyyətə yaxınlaşdıran müdafiə qüvvələrimizin bütün bölmələrinə təşəkkür edirəm”- deyə Volodimir Zelenski açıqlayıb.

Ukrayna Prezidenti gələn ilin həlledici olmalı olduğunu bildirib.

“Biz qışda hansı risklərin olmasının fərqindəyik, yazda nə edəcəyimizin fərqindəyik, yəni bütün müdafiə və təhlükəsizlik sektorunun hansı nəticələri göstərməli olduğunu başa düşürük” – deyə Ukrayna lideri qeyd edib.

Oxşar