Volodimir Zelenski 24-25 iyun tarixlərində keçiriləcək NATO sammitinə Ukraynanın da dəvət olunduğunu bildirir
24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitinə Ukrayna da dəvət olunub. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zoom vasitəsilə jurnalistlərlə söhbətində Zelenski NATO-nun baş katibi Mark Rutte ilə görüşü barədə danışıb.
“Bizi NATO-nun sammitinə dəvət etdilər. Bunun vacib olduğunu düşünürəm”, – Ukrayna prezidenti qeyd edib.
Hərçənd, Zelenski Ukraynanın sammitdə hansı formatda iştirak edəcəyini dəqiqləşdirməyib.
Xatırladaq ki, bu gün Ukrayna prezidenti Vilnüsdə NATO-nun baş katibi ilə görüşüb. Zelenski sosial şəbəkədə yazıb ki, Rutte ilə Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda görüşü barədə danışıb. Rutte və Zelenski Ukraynaya yardım üçün növbəti addımları da müzakirə ediblər.