Vladimir Putin və separatçı liderlər Xerson, Zaporojie, Donetsk və Luqanskın işğal olunmuş ərazilərinin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “müqavilə” imzalayıblar
Kremldə Vladimir Putin və separatçı liderlər Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı “sazişlər” imzalayıblar. Bu, Ukrayna ərazisinin 15%-ni təşkil edir.
Putinlə birlikdə dırnaq arası “saziş”lərin imzalanması mərasimində özünü elan etmiş Donetsk Xalq Respublikasının lideri Denis Puşilin, özünü elan etmiş Luqansk Xalq Respublikasının lideri Leonid Paseçnik, işğal olunmuş Zaporojie vilayətinin separatçı lideri Yevqeni Balitski, işğal olunmuş Xerson vilayətinin separatçı lideri Vladimir Saldo iştirak ediblər.
Bundan əvvəl, gecə saatlarında Rusiya prezidenti Ukraynanın Zaporojie və Xerson vilayətlərinin “müstəqilliyinin” tanınması haqqında fərman imzalayıb.
Bununla yanaşı, bu gün Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirir. Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 28-də bildirib ki, Rusiya fevralın 24-dən sonra zəbt etdiyi Ukraynanın ərazilərində keçirdiyi qondarma referendumların nəticələrini tanıyarsa, o zaman Ukraynanın Putinlə danışmağa heç nəyi qalmayacaq.
“Biz Xerson bölgəsində, Zaporojiedə, Donbasda, hazırda Xarkov vilayətinin işğal olunmuş ərazilərində və Krımda xalqımızı qorumaq üçün hərəkətə keçəcəyik”- deyə Zelenski bildirib.
Xatırladaq ki, Rusiya Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojie vilayətlərinin işğal olunmuş ərazilərində Rusiyanın tərkibinə daxil edilməklə bağlı qondarma referendumlar keçirib. Ukrayna və onun Qərb tərəfdaşları “referendumları” və onların nəticələrini tanımır.