Vladimir Putin – Ukrayna zəmanətləri pozarsa, Rusiya “taxıl sazişindən” çıxmaq hüququnu özündə saxlayır
Ukrayna zəmanətləri pozarsa, Rusiya “taxıl sazişindən” çıxmaq hüququnu özündə saxlayır-bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclası başlamazdan əvvəl açıqlayıb.
Putin Rusiyanın Ukrayna tərəfdən humanitar dəhlizlərin hərbi məqsədlər üçün istifadə olunmayacağına dair təminat tələb etdiyini bildirib. Rusiya prezidenti Türkiyənin məsələnin həllində vasitəçilik etdiyini açıqlayıb. O bildirib ki, Rusiya Türkiyə tərəfdən Ukraynanın belə bir zəmanət verdiyi barədə məlumat alıb. Bununla yanaşı, Putin müqavilə çərçivəsində ixrac edilən Ukrayna taxılının 46 faizinin Aİ ölkələrinə göndərildiyini iddia edir.
“Bununla əlaqədar mən Müdafiə Nazirliyinə tapşırmışam ki, bizim bu işdə tam şəkildə iştirakımız yenilənsin. Lakin bu zəmanətlər Ukrayna tərəfindən pozulacağı təqdirdə Rusiya bu müqavilələrdən çıxmaq hüququnu özündə saxlayır. Lakin istənilən halda, Rusiya bu sazişdən çıxsa belə, biz Ukrayna ərazisindən ən kasıb ölkələrə çatdırılan və cəmi dörd faiz təşkil edən taxılın bütün həcmini tədarük etməyə hazır olacağıq”- deyə Putin bildirib.
Keçən şənbə günü Moskva Kiyevi Qara dəniz donanmasına hücumda ittiham edərək, BMT və Türkiyənin vasitəçiliyi ilə bağlanmış taxıl ixracı sazişindən çıxdığını açıqlayıb. Bu gün isə Rusiya Müdafiə Nazirliyi Ukraynadan yazılı zəmanət aldığını və “taxıl sazişi”nə qayıtdığını açıqlayıb.