Vladimir Putin – Rusiya çətin bir dövrdən keçir, amma bu, bizə çox şey öyrədir

19:32, 28.06.2026

Rusiya Prezidenti Vladimir Putin ölkənin çətin bir dövrdən keçdiyini, lakin bu təcrübənin mühüm bir dərs olduğunu bildirib.

“Çətin bir mərhələdən keçirik, amma bu, bizə çox şey öyrətdi. Bu, bizə “Rusiya vətəndaşı” anlayışını qiymətləndirmək imkanı verdi”, – deyə Putin “Vahid Rusiya” partiyasının qurultayında bildirib.

Onun sözlərinə görə, Rusiya öz ərazisindəki terror hücumları da daxil olmaqla, bütün çağırışların öhdəsindən gələcək.

“Aparıcı siyasi partiyamız olan “Vahid Rusiya”nın qurultayı ölkəmiz üçün çətin, demək olar ki, taleyüklü bir zamanda – bütün dünyada fundamental sistemli transformasiyaların getdiyi bir dövrdə keçirilir. Biz bu gün qarşımızda duran bütün çağırışların, o cümlədən ərazimizdəki və infrastruktur obyektlərimizdəki terror hücumlarının öhdəsindən gələcəyik”, – deyə Rusiya prezidenti qeyd edib.

Putinin sözlərinə görə, Ukrayna cəbhədə geri çəkilir və bu səbəbdən terror fəaliyyətlərinə keçib.

“Kiyev rejimi bütün cəbhə xətti boyunca geri çəkilir və buna görə də açıq şəkildə terror aktlarına keçib. Dinc əhaliyə və mülki obyektlərə qarşı məqsədyönlü zərbələri başqa nə cür adlandırmaq olar?”, – deyə Putin bildirib.

Bununla yanaşı, Rusiya prezidenti Qərbin Rusiyaya güclü təzyiq göstərdiyini, lakin cəhdlərinin uğursuz olduğunu qeyd edib.

“Rusiya Qərb elitalarının qəddar, demək olar ki, görünməmiş təzyiqi ilə üzləşir. Onlar bizi strateji cəhətdən, döyüşdə məğlub etmək istəyirdilər, lakin buna nail ola bilmədilər. Siyasi vəziyyəti qarışdırmağa, daxili qarşıdurma yaratmağa çalışırlar – onlarda bu da alınmır“, – deyə Putin bəyan edib.

Oxşar