Vladimir Putin – Rusiya, Bakı ilə Yerevan arasında münasibətlərin hərtərəfli normallaşması üçün mümkün olan hər şeyi edir
Rusiya, Bakı ilə Yerevan arasında münasibətlərin hərtərəfli normallaşması üçün mümkün olan hər şeyi edir. Bu barədə Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı bildirib.
Ermənistanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının növbədənkənar sessiyası keçirilir.
“Biz bu gün də Bakı ilə Yerevan arasında münasibətlərin kompleks və hərtərəfli normallaşmasına nail olmaq üçün mümkün olan hər şeyi edirik. Azərbaycan da, Ermənistan da, eləcə də Rusiya yaxın keçmişdə vahid dövlətin tərkibində olublar və bunu nəzərə almamaq sadəcə olaraq mümkün deyil. Hamımız olduqca çətin vəziyyətdəyik. Lakin biz, təbii ki, Rusiyaya yaxın dövlətlər arasında olan fikir ayrılıqlarından, problemlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə hər zaman kömək etməyə hazırıq. Ümumiyyətlə, “biz Cənubi Qafqazın sakit və davamlı inkişaf edən region olmasında qeyd-şərtsiz maraqlıyıq”- deyə Vladimir Putin bildirib.
Rusiya prezidenti bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün iki ölkə arasında sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və humanitar məsələlərin həllini nəzərdə tutan üçtərəfli sazişi ardıcıl şəkildə həyata keçirmək lazımdır. Putin Ermənistanın baş naziri ilə bu barədə bir neçə dəfə danışdığını və həmkarının da bununla tam razı olduğunu qeyd edib.
Oktyabrın 31-də Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü planlaşdırılır.