Vladimir Putin Kursk vilayətindəki ukraynalı əsgərləri təslim olmağa çağırıb

22:17, 14.03.2025

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Kursk vilayətində ukraynalı əsgərlərin silahlarını yerə qoyaraq təslim olduqları təqdirdə onların təhlükəsizliyinə və onlara layiqli rəftarına zəmanət verir. Bu barədə Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi görüş zamanı bildirib.

Rusiya prezidentinin dediyinə görə, bu, onun Donald Trampın ukraynalı əsgərləri bağışlamaq çağırışına cavabıdır və o, buna “başa düşülən şəkildə” cavab verib.

Putinin bildirdiyinə görə, Ukrayna hakimiyyəti Kursk vilayətindəki hərbçilərə təslim olma əmri verməlidir.

“Silahları yerə qoyub təslim olduqları halda onlara beynəlxalq hüquq normalarına və Rusiya Federasiyasının qanunlarına müvafiq olaraq ləyaqətli rəftar təmin ediləcək”, – Putin bildirib.

Rusiya lideri həmçinin qeyd edib ki, ABŞ-ın yeni administrasiyası ABŞ-Rusiya münasibətlərinin bərpasına başlamaq üçün “hər şeyi” edir. Onun dediyinə görə, “vəziyyət ümumilikdə irəliləyir”.

Rusiya dövlət mediası bu bəyanatları birbaşa efirdə yayımlayıb.

Oxşar