Vladimir Putin – Əgər Çin tərəfi bunu mümkün və faydalı hesab edərsə, biz vizasız rejimin daimi olması üçün birlikdə işləməyə hazırıq
Əgər Çin tərəfi bunu mümkün və faydalı hesab edərsə, biz vizasız rejimin daimi olması üçün birlikdə işləməyə hazırıq – bu barədə Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Dzinpin ilə görüşü zamanı bəyan edib.
Vladimir Putin Si Dzinpin ilə danışıqları “Şanxay Əməkdaşlıq Təşkilatı”nın sammiti çərçivəsində aparıb və Rusiya-Çin tərəfdaşlığını dövlətlərarası münasibətlərin modeli adlandırıb.
“Əməkdaşlıq bütün sahələrdə, o cümlədən iqtisadiyyatda uğurla inkişaf edir. Biz energetika, sənaye, kosmos, nəqliyyat və loqistika sahələrində irimiqyaslı layihələr həyata keçiririk. Süni intellekt texnologiyaları da daxil olmaqla, rəqəmsal innovasiyalar əməkdaşlıq üçün yeni imkanlar yaradır”, – deyə Vladimir Putin qeyd edib.
Rusiya Prezidentinin sözlərinə görə, vizasız rejim sayəsində iki ölkə arasındakı turist axını ilin birinci yarısında 43 faiz artıb.
Ötən ilin sentyabr ayında Çin rusiyalılar üçün 12 ay müddətinə 30 günlük vizasız rejim tətbiq etdi, Rusiya isə dekabrda buna analoji şəkildə cavab verdi. May ayında Pekin bu rejimi 2027-ci il dekabrın 31-dək uzatdı, Putin isə iyulda oxşar fərman imzaladı.
Öz növbəsində, Çin Prezidenti bəyan edib ki, Çin qlobal idarəçilik islahatının gücləndirilməsi, həmçinin bərabərhüquqlu və nizamlı çoxqütblü dünyanın irəliləməsinə təkan verən mühərrik qüvvənin artırılması üçün Rusiya və digər tərəflərlə əməkdaşlığa hazırdır.
Si Dzinpin həmçinin qeyd edib ki, Pekin “Şanxay Əməkdaşlıq Təşkilatı”nın inkişaf kursunu birgə müəyyən etmək və onun sabit və davamlı tərəqqisini təmin etmək üçün Moskva və müxtəlif tərəflərlə işləməyə hazırdır.