Vitali Kliçko - Şərqi Ukrayna tamamilə dağıdılıb, Vladimir Putinin əsas məqsədi Kiyevi və bütün Ukraynanı ələ keçirməkdir, biz isə sağ qalmaq üçün mübarizə aparırıq
Vitali Kliçko - Şərqi Ukrayna tamamilə dağıdılıb, Vladimir Putinin əsas məqsədi Kiyevi və bütün Ukraynanı ələ keçirməkdir, biz isə sağ qalmaq üçün mübarizə aparırıq

Vitali Kliçko Rusiyanı ukraynalılara qarşı soyqırımda günahlandırıb, – bu barədə Kiyev meri Britaniya Parlamentinin Xarici İşlər Komitəsində videozəng vasitəsilə çıxışı zamanı bildirib.

Kliçkonun sözlərinə görə, Rusiyanın müharibəsində “qaydalar” yoxdur.

“Bu mübarizə soyqırımdır. Şərqi Ukrayna tamamilə məhv edilib. Vladimir Putinin əsas məqsədi Kiyevi və bütün Ukraynanı ələ keçirməkdir. Su, elektrik enerjisi, istilik sistemi yoxdur. Biz sağ qalmaq üçün mübarizə aparırıq”, – Kliçko bildirib.

Kiyev merinin sözlərinə görə, Ukraynaya ABŞ-ın Ukraynanın tərəfində olması lazımdır.

“Amerika Birləşmiş Ştatları çox vacib tərəfdaşdır, ABŞ-ın Ukraynanın tərəfində olmasına ehtiyacımız var. Prezident Trampla yaxşı münasibətlər və anlaşma çox vacibdir. Ukraynada demokratiyanı xilas etmək çox vacibdir ki, bu da öz növbəsində Avropanı gücləndirəcək”, – Kliçko bildirib.

Bununla yanaşı, Kiyev merindən Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətləri barədə sual ünvanlanıb. Xüsusilə, Kliçkonun yanvar ayında bir neçə ildir şəxsən görüşmədiklərini deməsindən bəri Zelenski ilə danışıb-danışmadığı soruşulub.

“Mən başa düşürəm ki, müharibə dövründə prezident olmaq asan deyil və o, məşğuldur. Ölkə daxilində birlik vacibdir ki, bu da nəticədə Ukraynanı güclü edir”, – Kliçko bildirib.