Viktor Orban Macarıstanın Rusiyanın nüvə enerjisi ilə bağlı Aİ-nin mümkün sanksiyalarına veto qoyacağını bildirir
Macarıstan Aİ-nin Rusiyanın nüvə enerjisi ilə bağlı mümkün sanksiyalarına veto qoyacaq. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban açıqlama verib.
Bundan əvvəl Ukrayna hakimiyyəti Avropa İttifaqını Rusiyanın nüvə enerjisi şirkəti “Rosatom”a qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Məlum olduğu kimi, Macarıstanda hələ sovet dövründə tikilmiş, Budapeştin “Rosatom”la birgə genişləndirməyi planlaşdırdığı “Pakşi” atom elektrik stansiyası var.
“Biz nüvə enerjisinə qarşı sanksiyaların tətbiqi planının həyata keçirilməsinə imkan verməyəcəyik, bu, mümkün deyil” – deyə Viktor Orban açıqlayıb.
Medianın yazdığı kimi, Avropa İttifaqının üzvü olan Macarıstan hökuməti tez-tez Aİ-nin Rusiyaya qarşı sanksiyalarını tənqid edir və bildirir ki, məhdudiyyətlər Rusiyanı elə də zəiflətməyib, lakin onlar Avropa iqtisadiyyatını məhv etmək təhlükəsi yaradır.