Vaşinqtondakı etirazçılar Əliyevin cangüdənlərinin hücumuna məruz qaldıqlarını bildirirlər, Azərbaycan səfirliyində isə etirazçıların prezidentin avtomobilinə hücum etməyə cəhd etdiklərini deyirlər
Azərbaycan Prezidenti İlham Əliyevin təhlükəsizlik xidməti Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbi ilə dinc aksiya keçirməyi planlaşdıran etirazçılara qarşı fiziki güc tətbiq edib, – bu barədə “Washington Post” qəzeti yazır.
Nəşrin məlumatına görə, hadisə Trampın “Sülh Şurası”nın ilk iclasına hazırlıqlar gedərkən baş verib.
Azərbaycanda məhkum edilmiş siyasətçi Tofiq Yaqublunun oğlu “Washington Post”a bildirib ki, Əliyevin cangüdənləri “onu döyməyə, üzünə və qarn nahiyəsinə vurmağa başlayıblar”.
Onun dediyinə görə, aksiya dinc şəraitdə keçirdi və qarşıdurma nəticəsində ən azı beş nəfər yaralanıb.
ABŞ polisinin nümayəndəsi Tom Linçin bildirdiyinə görə, iş artıq Dövlət Departamentinə göndərilib.
Bununla yanaşı, Azərbaycan mediasının məlumatına görə, bir qrup “radikal təxribatçı” İlham Əliyevin olduğu Waldorf Astoria mehmanxanasının qorunan ərazisinə girməyə çalışıb. OxuAz nəşrinin məlumatına görə, prezidentin cangüdəni ABŞ polisi ilə birlikdə “təxribatın qarşısını alıb”.
ABŞ-dakı Azərbaycan səfirliyi hadisə ilə bağlı bəyanat yayıb. Onların məlumatına görə, İlham Əliyevin “Sülh Şurası”nın ilk iclasında iştirak etdiyi ABŞ-a səfəri zamanı bir qrup nümayişçi Vaşinqtondakı Waldorf Astoria Washington DC mehmanxanasının qarşısında təxribatçı hərəkətlər həyata keçirib.
Bəyanatda qeyd olunub ki, prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə qüc tətbiq edərək girməyə cəhd ediblər və prezidentin avtomobilinə qarşı yönəlmiş hücum aktları həyata keçiriblər.
Azərbaycan səfirliyinin məlumatına görə, dövlət başçısının nəqliyyat vasitəsinin hərəkətinin pozulması və ya fiziki müdaxilənin təhlükəsizliyə ciddi təhdid yaratdığı nəzərə alınmaqla, Prezident Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa çarəsi qalmayıb.
Səfirliyin məlumatına görə, görülən tədbirlər standart prosedurlara uyğun olaraq həyata keçirilib və yalnız təhlükəsizliyin və mühafizənin təmin edilməsinə yönəlmişdi.
Bununla yanaşı, səfirliyin məlumatına görə, ABŞ-ın Gizli Xidmətinin bildirdiyinə əsasən, mehmanxana sahəsi rəsmi olaraq mühafizə olunan perimetrə daxildir.
“Azərbaycan təhlükəsizlik xidmətinin əməkdaşları həmişə ev sahibi tərəflə sıx koordinasiyada hərəkət edirlər. Biz onları məlumat yayarkən məsuliyyət göstərməyə və təsdiqlənməmiş rəylər çıxarmaqdan təmkinli davranmağa çağırırıq”, – deyə Azərbaycan səfirliyinin bəyanatında deyilib.