"Varketili" metro stansiyasının qısa müddətdə bərpası üçün xarici şirkətlə müqavilə imzalanıb
"Varketili" metro stansiyasının qısa müddətdə bərpası üçün xarici şirkətlə müqavilə imzalanıb

“Varketili” metro stansiyasının bərpa işlərinin qısa müddətdə başa çatdırılması məqsədilə müvafiq xarici şirkətlə müqavilə imzalanıb. Metro stansiyasının bərpası prosesində yaranmış gecikmələr və hazırkı işlərlə bağlı bu gün Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında danışıb.

“Biz heç vaxt problemlərdən danışmaqdan çəkinmirik, heç vaxt çətinliklərdən qaçmırıq və cəmiyyətə həqiqəti demək bizim üçün çətin deyil. Biz dəfələrlə uğurlu layihələrdən, görülmüş işlərdən danışmışıq və bu, 2017-ci ildən etibarən paytaxtda aydın görünür, lakin problemlər və çağırışlar da mövcuddur. Bu gün sizə bir problemli məsələ ilə bağlı məlumat vermək istəyirəm – hansı mərhələdəyik. Söhbət “Varketili” metro stansiyasının bərpasından gedir ki, bu stansiyanın platformasının tavanı hələ 2018-ci ildə çökdü. Baxmayaraq ki, meriya dərhal zəruri tədbirlərin planlaşdırılmasına başladı, bu məsələ hələ də həll olunmayıb. Prosesin ləngiməsinin əsas səbəbi yeraltı nəqliyyat sahəsində həm yerli layihələndirmə və tikinti, həm də ekspertiza şirkətlərinin kifayət qədər təcrübəyə və ixtisasa malik olmamasıdır. Bu səbəbdən yerli şirkətlər bu layihədə iştirakdan imtina edirdilər. Elə hallar olub ki, tender elan etmişik, amma şirkətlər iştirak etməyiblər,” – deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, ilkin olaraq seçilmiş “Mamisoni” adlı tikinti şirkəti öhdəliklərini yerinə yetirə bilməyib və buna görə onunla müqavilə pozulub.

“Bir neçə cəhddən sonra, Gürcüstan hökumətinin sərəncamına əsasən, 2021-ci ildə “TDS” MMC adlı layihə təşkilatı seçildi və o, 2022-ci ilin yanvarında ekspertizadan keçmiş layihəni təqdim etdi. Layihənin icrası zamanı bir sıra maneə yaradan hallar ortaya çıxdı ki, bu da 2022-ci ildən bu günə qədər layihənin başa çatmasını ciddi şəkildə ləngitdi,” – deyə paytaxt meri qeyd edib.

Onun izahına görə, layihənin əsas işləri sərnişinlər üçün nəzərdə tutulmuş gözləmə zalının tavan və divarlarının, həmçinin eskalatorun maili tunelindəki asbest-sement plitələrinin sökülməsi və onların əvəzinə müasir və təhlükəsiz materiallarla yeni tavanın qurulmasından ibarətdir. Tbilisi merinin sözlərinə görə, köhnə tavanın sökülməsi zamanı birbaşa dəmir-beton tağın, o cümlədən onun geometriyası ilə bağlı tədqiqatların zəruriliyi ortaya çıxıb və digər araşdırmalarla birlikdə iki dəfə səth tam şəkildə skan edilib.

“Həmçinin, yenilənmiş layihənin ekspertiza mərhələsində Levan Samxaraulinin adını daşıyan Ekspertiza Milli Bürosu dəmir-beton konstruksiyalarının dərinləşdirilmiş təhlilini tələb etdi ki, bu da yerli ekspertiza təşkilatlarının imkanları ilə kifayət qədər çətin oldu. Ona görə də biz bu tipli metro stansiyalarında işləyən xarici ekspertlərin cəlb edilməsinə məcbur olduq. Bildiyiniz kimi, Tbilisi metrosu sovet dövründə inşa olunub. Buna görə də “Varketili” metro stansiyasının bərpa işlərinin qısa müddətdə tamamlanması üçün artıq Belarus şirkəti “Probuild Ekspert” MMC ilə müqavilə imzalanıb və hazırda dəmir-beton konstruksiyaların tam araşdırılması, eləcə də bərpa layihəsinin hazırlanması aparılır,” – deyə Kaxa Kaladze bildirib.

Bundan əlavə, merin məlumatına görə, layihə çərçivəsində “Badaconstruction” tikinti şirkəti artıq köhnə tavanın tam sökülməsini, platformanın altındakı daxili təsərrüfat sahələrinin söküntü və təmir işlərini həyata keçirib, yeni tavan konstruksiyasının qurulması üçün zəruri material sifariş olunub və digər işlər görülməkdədir.

Kaxa Kaladzenin sözlərinə görə, yuxarıda qeyd olunanları nəzərə alaraq, “Varketili” metro stansiyasının bərpası layihəsinin bu ilin sentyabrında tamamlanması planlaşdırılır.