Vani şəhərində su təchizatı və kanalizasiya şəbəkəsinin tikintisi fəal şəkildə davam edir
Gürcüstanın İnfrastruktur Nazirliyinin Birləşmiş Su Təchizatı Şirkəti Vani şəhərində müasir standartlara cavab verən su və kanalizasiya infrastrukturunu inşa edir.
Su təchizatı şirkətinin direktoru Davit Kvinikadze müavinləri və yerli hakimiyyət nümayəndələri ilə birlikdə cari işlərlə tanış olub. Bu barədə Birləşmiş Su Təchizatı Şirkəti məlumat yayır.
Qurumun verdiyi məlumata görə, layihəyə əsasən, Vani şəhərində 42 km uzunluğunda su təchizatı şəbəkəsi qurulacaq, iki quyu və nasos stansiyası tikiləcək, su anbarı bərpa olunacaq və SCADA sistemi quraşdırılacaq. Bu günə olan vəziyyətə görə, artıq, 16 km uzunluğunda su xəttinin tikintisi başa çatdırılıb.
“47 km-lik kanalizasiya şəbəkəsinin tikinti-reabilitasiyası, bir böyük və 15 kiçik nasos stansiyasının tikintisi planlaşdırılıb. Həmçinin, layihə çərçivəsində təxminən 5 km uzunluğunda drenaj sistemi şəbəkəsinin qurulması nəzərdə tutulub.
Vani şəhərinin əhalisi, təxminən 4000-ə qədər benefisiarı 2025-ci ilin sonundan 24 saatlıq su təchizatından faydalanacaq. 2026-cı ildən isə şəhərdə müasir kanalizasiya infrastrukturu fəaliyyət göstərəcək. Bu irimiqyaslı layihə Almaniyanın Yenidənqurma Bankının maliyyə dəstəyi ilə həyata keçirilir, dəyəri isə 65 milyon laridən çoxdur.
Su Təchizatı şirkəti Vani şəhərində kanalizasiya sutəmizləyici qurğunun tikintisini planlaşdırır. Layihə üçün beynəlxalq tender elan olunub və tender təkliflərinin qəbulu 2025-ci ilin iyunun 3-də başa çatacaq”, – Birləşmiş Su Təchizatı Şirkətinin yaydığı məlumatda deyilib.