Valeri Zalujni – Ukrayna öz ərazilərini azad etmək yolunda heç bir şərtlə dayanmayacaq, ukraynalı hərbçilər heç bir kompromisli qərarlar verməyəcəklər
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujni bildirir ki, Ukrayna öz ərazilərini azad etmək yolunda heç bir şərtlə dayanmayacaq, ukraynalı hərbçilər heç bir kompromisli qərarlar verməyəcəklər. Zalujni “Telegram” kanalında yazır ki, bu barədə o, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli ilə telefon danışığı zamanı bildirib.
“Mən onu inandırdım ki, gücümüz yetənə qədər mübarizə aparacağıq. Məqsədimiz Ukrayna torpaqlarını Rusiyanın işğalından azad etməkdir. Bu yolda heç bir şəraitdə dayanmayacağıq. Ukraynalı hərbçilər heç bir danışıqları, razılaşmaları və ya kompromisli qərarları qəbul etməyəcəklər. Danışıqların şərti birdir – Rusiya bütün işğal olunmuş əraziləri tərk etməlidir” – deyə Zalujni yazır.
Zalujni amerikalı generalla cəbhə xəttindəki vəziyyət və Ukrayna müdafiə qüvvələrinin ehtiyacları barədə də danışıb. O, cəbhədə vəziyyətin sabit və nəzarət altında olduğunu bildirib.
“Biz Belarusla sərhəddə qarşı tərəfin hərəkətlərini diqqətlə izləyirik və Ukraynanı şimaldan qorumaq üçün etibarlı sipər qururuq” – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı bildirib.
O , işğalçı qüvvələrin müqavimətinə baxmayaraq, Ukrayna müdafiə qüvvələrinin Xarkov istiqamətində hücumları davam etdirdiyini, Xerson istiqamətində isə ukraynalı hərbçilərin sabitləşdirmə tədbirləri gördüyünü və müdafiəni gücləndirdiyini bildirib.