Vaxtanq Qomelauri Türkiyənin Milli Polisinin rəhbəri Mahmud Dəmirtaş ilə görüşüb
Gürcüstanın baş nazirinin müavini və Daxili İşlər Naziri Vaxtanq Qomelauri Gürcüstanda rəsmi səfərdə olan Türkiyənin Milli Polisinin rəhbəri Mahmud Dəmirtaş ilə görüşüb. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlıq və gələcək birgə fəaliyyət istiqamətləri barədə danışıblar.
“Daxili işlər naziri Gürcüstanın Türkiyə Respublikasının hüquq-mühafizə orqanları ilə çoxillik sıx əlaqələrinin olduğunu vurğulayıb və müxtəlif istiqamətlərdə mövcud əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu bildirib.
Söhbət zamanı cinayətə qarşı mübarizə istiqamətində ikitərəfli əməkdaşlığın gücləndirilməsi və birgə tədbirlərin planlaşdırılmasına da toxunulub.
Görüşün sonunda Mahmut Dəmirtaş Türkiyə tərəfinin Gürcüstanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığı dərinləşdirməsinin vacib olduğunu qeyd edib və mövcud əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Qonaq həmçinin görüşə və səmimi qonaqpərvərliyə görə daxili işlər nazirinə təşəkkür edib”, – nazirliyin məlumatında qeyd edilib.