Uşaq Avroviziya müsabiqəsinin aparıcıları Liza Tsiklauri və Davit Aladaşvili olacaq
Dekabrın 13-də Gürcüstanda keçiriləcək 2025-ci il Uşaq Avroviziyası müsabiqəsinin aparıcıları jurnalist Liza Tsiklauri və pianoçu David Aladaşvili olacaq.
Liza Tsiklauri Gürcüstanın İctimai Yayımçının teleaparıcısı və jurnalistidir. O, 2008-ci ildən jurnalist fəaliyyəti ilə məşğuldur və 2014-cü ildən informasiya proqramlarına rəhbərlik edir. Bu illər ərzində Liza bir çox mühüm milli və beynəlxalq tədbirlərə, konsertlərə və televiziya layihəsinə ev sahibliyi edib.
David Aladaşvili pianoçudur. “Səhnə üçün doğulmuş həssas virtuoz” kimi tanınan pianoçu piano çalmağa on bir yaşında başlayıb. David Aladaşvili konsert fəaliyyəti ilə paralel olaraq teleaparıcıdır. O, hazırda Gürcüstanın Birinci Kanalında “Ranina” televiziya layihəsinin aparıcısıdır.
Gürcüstan ikinci dəfədir ki, Uşaq Avroviziyasına ev sahibliyi edir. Müsabiqə ilk dəfə Tbilisidə 2017-ci ildə keçirilib.
Gürcüstan Uşaq Avroviziya Mahnı Müsabiqəsinin tarixində ən uğurlu ölkədir və bu tədbirdə dörd dəfə qalib olub: 2008 – “Bzz” mahnısı ilə “Bzikebi”; 2011 – Candy Music mahnısı ilə “Candy”; 2016 – Mariam Mamadaşvili “Mzeo” mahnısı ilə; 2024 – Andria Putkaradze “Dedas” mahnısı ilə.
2025-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsində 9–14 yaş arası iştirakçılar Avropa üzrə və hətta ondan kənardan çıxış edəcəklər. Hər biri gəncliyi, musiqini və rəngarəngliyi tərənnüm edən orijinal mahnını təqdim edəcək.
Avropanın ən böyük uşaq musiqi şousunda RTSH (Albaniya); AMPTV (Ermənistan); Ictimai (Azərbaycan); HRT (Xorvatiya); CyBC (Kipr); France Televisions (Fransa); İctimai Yayımçı (Gürcüstan); TG4 (İrlandiya); Rai (İtaliya); PBS (Malta); RTCG (Monteneqro); AVROTROS (Hollandiya); MKRTV (Şimali Makedoniya); TVP (Polşa); RTP (Portuqaliya); SMRTV (San Marino); RTVE (İspaniya); Suspilne (Ukrayna) iştirak edəcəklər.
2025-ci ildə müsabiqəyə üç ölkə qayıdıb. Monteneqro sonuncu dəfə 2015-ci ildə iştirak edib, Xorvatiya isə 2014-cü ildə. 2021-ci ildən sonra ilk dəfə müsabiqədə Azərbaycan da iştirak edəcək.
Gürcüstanın İctimai Yayımçısı 2025-ci il Uşaq Avroviziya Mahnı Müsabiqəsinin səhnə dizaynını artıq təqdim edib. Səhnə Gürcüstanın mədəni irsindən dərindən ilhamlanıb. Onun mərkəzində doli dayanır – ənənəvi gürcü xalq zərb aləti. Mərkəzi səhnənin ətrafında ölkənin təsirli dağ mənzərələrindən, Gürcüstanın relyefinə səpələnmiş qalalar və qüllələrdən ilhamlanan heykəltəraşlıq formaları ucaldılıb. Səhnə ilə birlikdə, həmçinin 2025-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsinin tematik vizual kimliyi və “Musiqi bizi birləşdirir” şüarı təqdim olunur.
2025-ci il Uşaq Avroviziya Mahnı Müsabiqəsi dekabr 13-də, şənbə günü, saat 20:00-da Tbilisi Olimpiya Sarayında keçiriləcək.
Tədbirin birbaşa translasiyasını, ev sahibi, İctimai Yayımçı təqdim edəcək.