Urekidə 450 şagird yerlik ictimai məktəb tikilib
Urekidə 450 şagird yerlik ictimai məktəb tikilib

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Munisipal İnkişaf Fondu Ozurqeti Munisipalitetində Daba Urekidə ictimai məktəbin tikintisini başa çatdırıb.

Regional inkişaf və infrastruktur naziri İrakli Karseladze Urekidə yeni məktəbə baxış keçirib və çağırışlara baxmayaraq, bu gün Urekinin artıq 450 şagird yerlik, müasir, bütün standartlar nəzərə alınmaqla tikilmiş məktəbinin olduğunu bildirib.

“Ənənəvi infrastrukturla yanaşı, məktəb idman fəaliyyəti, yaradıcılıq fəaliyyəti, yemək və nizamlı tədris prosesi üçün vacib olan tamamilə bütün zəruri infrastrukturla təchiz edilib. Müvafiq olaraq, Ureki yeni tədris ilini yeni məktəblə qarşılayacaq” – İrakli Karseladze bildirib.

Onun izahına əsasən, məktəb beynəlxalq standartlara əsasən tikilib və məhdud imkanlı şəxslər üçün tam uyğunlaşdırılıb.

“Aydındır ki, məktəb xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün tam uyğunlaşdırılıb və bütün zəruri norma və standartlar nəzərə alınıb” – İrakli Karseladze qeyd edib.

Qurum tərəfindən yayılmış məlumata əsasən, üç mərtəbəli məktəb binasında 24 sinif otağı, laboratoriya, kitabxana, müəllimlər otağı, həkim kabineti, idman zalı, akt zalı, sanitar qovşaqlar, yeməkxana və açıq idman meydançası təşkil edilib. Məktəbin ətraf ərazisi də abadlaşdırılıb. Nazirlikdən verilən məlumatda, Ureki məktəbinin tikinti işlərinin dövlət büdcəsindən 13,7 milyon lari ilə maliyyələşdirildiyi deyilir.

Regional inkişaf və infrastruktur naziri Quria bölgəsi üzrə dövlət müvəkkili Qiorqi Uruşadze, Ozurqeti şəhərinin meri Avtandil Talakvadze və yerli hakimiyyət orqanlarının digər nümayəndələri ilə birlikdə Urekinin məktəbini ziyarət edib.