Ukraynanın Polşadakı səfiri Vasil Bondar, Andrey Sibiqa və Kirilo Budanov kimi, Polşa Respublikasının Dövlət Mükafatından imtina etdi
Ukraynanın Polşadakı səfiri Vasil Bondar, Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa və Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov kimi, Polşa Respublikasının Dövlət Mükafatından imtina etdi. Bu barədə Ukrayna mediası məlumat yayır.
Medianın məlumatına görə, Bondar bu qərarı Polşa Prezidenti Karol Navrotskinin Volodimir Zelenskinin Polşanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum etməsi ilə əlaqələndirib.
Ukraynanın Polşadakı səfiri Zelenskinin mükafatdan məhrum edilməsi qərarını tarixi ədalətsizlik adlandırıb. Bununla yanaşı, Bondar Ukrayna və Polşanın təhlükəsizlik, müdafiə və Avropaya inteqrasiya sahələrində ümumi maraqların birləşdirdiyi yaxın tərəfdaşlar olaraq qaldığını xüsusilə vurğulayıb.
Məlumat üçün bildirək ki, Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə „Ukrayna Üsyançı Ordusu“ adını verməsindən sonra Karol Navrotski onu „Ağ Qartal“ ordenindən məhrum edib. Polşa mediasının yazdığına görə, “Ukrayna Üsyançı Ordusu” 1943-cü ilin iyulunda keçmiş Volın voyevodalığının, xüsusən də indiki Ukrayna ərazisində yerləşən Volodimir, Qoroxiv, Kovel və Lutsk vilayətlərində polyakların məskunlaşdığı təxminən 150 şəhərə qarşı koordinasiyalı hücum həyata keçirib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Volodimir Zelenskiyə həmrəylik əlaməti olaraq, 2022-ci ildə ona təqdim edilmiş “Polşa Respublikası qarşısında xidmətlərinə görə” ordeninin Komandor Xaçından imtina edib və onu Polşaya geri qaytaracaq.