Ukrayna Baş prokurorunun məlumatına görə, Kiyevdə baş vermiş atışma faktı üzrə istintaq terror aktı maddəsi ilə aparılır
Kiyevdə baş vermiş atışma faktı üzrə istintaq terror aktı maddəsi ilə aparılır. Ukraynanın Baş prokuroru Ruslan Kravçenko məlumat yayır.
“Ukraynanın Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsi ilə – paytaxtın Qoloseyevski rayonunda mülki əhaliyə qarşı atəş açılması və girov götürülməsi ilə nəticələnən terror aktı üzrə cinayət işi başlanıb”, – deyə o bildirib.
Baş prokuror həmçinin qeyd edib ki, terror aktı nəticəsində 11 yaşlı oğlanın valideynləri həlak olub, azyaşlı isə hazırda xəstəxanadadır.
“Hücum nəticəsində altı nəfər həlak olub. Onların arasında hadisə yerində dünyasını dəyişən kişi və aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edən qadın var. Onların 2015-ci il təvəllüdlü oğlu isə odlu silahdan aldığı yaralanma ilə uşaq tibb müəssisəsindədir və zəruri müalicə alır”, – deyə Kravçenko qeyd edib.
Onun sözlərinə görə, zərərsizləşdirilən atıcı şəxs müəyyən edilib. Hücum edən şəxs 1968-ci ildə Moskvada doğulmuş Dmitro Vasilçenko olub və o, Ukrayna vətəndaşlığına malik idi. Baş prokuror qeyd edib ki, cinayətin bütün halları və motivlərinin müəyyən edilməsi üçün Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Milli Polisi ilə əməkdaşlıq çərçivəsində bütün zəruri tədbirlər görüləcək.
Hazırkı məlumata görə, hücum nəticəsində 6 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.