Ukrayna tərəfi hazırda təxminən 3400 ukraynalı hərbçinin Rusiya əsirliyində qaldığını açıqlayır
Hazırda təxminən 3400 ukraynalı hərbçi Rusiya əsirliyindədir.
“BBC”nin rus xidmətinin məlumatına görə, bu barədə Ukraynada hərbçilərin hüquqları üzrə işləyən ombudsman Alena Verbitskaya açıqlayıb. Bununla yanaşı, o, daha 15 min döyüşçünün itkin düşmüş hesab olunduğunu bildirib.
“Onların başına nə gəldiyini dəqiq bilmirik. Bəlkə də onlar müharibə əsirləri arasına düşüblər; Bəlkə də Rusiyanın işğal etdiyi ərazilərdən onları məcburi şəkildə çıxarıblar; Yaxud da çoxdan öldürülüblər” – deyə Verbitskaya açıqlayıb.
Ombudsman belə qeyri-müəyyənliyin itkin düşən hərbçilərin ailələri üçün daha dözülməz olduğunu bildirib.
Bundan əlavə, Verbitskaya bəyan edib ki, Rusiya Qırmızı Xaç Cəmiyyətinin xeyriyyə missiyalarını əsir düşərgələrinə buraxmaqdan imtina edir və Əsirlərin Hüquqları üzrə Cenevrə Konvensiyasını sistematik şəkildə pozur.