Ukrayna Rusiya bölgələrinə dronlarla irimiqyaslı hücum həyata keçirib
Ukrayna Rusiya bölgələrinə dronlarla irimiqyaslı hücum həyata keçirib. Hücumun hədəfi Oryol, Lipetsk, Voronej, Rostov və Samara vilayətləri olub.
Oryol şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində istilik elektrik stansiyası zədələnib. Yerli sakinlər onlara su verilmədiyini, istilik sisteminin kəsildiyini xəbər verirlər.
İlkin rəsmi məlumatlara görə, xəsarət alan yoxdur. Gecə ərzində bölgədə iki dəfə hava və raket hücumu xəbərdarlığı edilib.
Dekabrın 19-da gecə saatlarında Samar vilayətində yerləşən dünyanın ən böyük ammonyak zavodu “Tolyatazot”a pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə zavodun ərazisində güclü yanğın baş verib. Yerli sakinlər xəbər verirlər ki, hakimiyyət zavoda gedən yolları bağlayıb.
Voronej, Lipetsk, Belqorod və Rostovda da partlayışlar olub. Belqorod qubernatorunun dediyinə görə, şəhərə hücum nəticəsində beş aylıq körpə yaralanıb. Lipetskdə pilotsuz uçuş aparatlarının qalıqları yaşayış binasının üzərinə düşüb. Hücum zamanı Taqanroqda beş fərdi evə ziyan dəyib, avtomobillərdə yanğın baş verib. Rostov vilayətində elektrik xətləri sıradan çıxıb, bəzi bölgələrə elektrik enerjisi verilməyib.
19 dekabrda, gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumu səbəbindən Rusiyada on hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Onların arasında Vladikavkaz, Qroznı, Magas, Samara və Yaroslav hava limanları var.