Ukrayna–Moldova sərhədində avtomobillərin buraxılışı dayandırılıb.
Bu barədə Ukrayna mediası ölkənin Dövlət Gömrük Xidmətinə istinadən məlumat yayır.
Ukraynanın Gömrük Xidmətinin məlumatına görə, məhdudiyyət Moldovanın gömrük orqanlarının məlumat bazalarında yaranmış nasazlıqla əlaqədardır.
Məlumat üçün bildirək ki, Moldova Energetika Nazirliyi Ukrayna enerji sistemindəki problemlərin Moldovada elektrik kəsintisinə səbəb olduğu ilə bağlı məlumat yayıb. Xüsusilə, Isaccea-Vulcăneşti-MGRES yüksək gərginlikli xəttində gərginlik düşüb və nəticədə elektrik sistemi kəsilib. Moldova mediasının məlumatına görə, hadisə paytaxt Kişinyov və onun ətraf ərazilərinə, həmçinin Tarakliya, Kahul və Aneni-Noy şəhərlərinə ziyan vurub.
Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqalın izahatına görə, saat 10:42-də texniki nasazlıq baş verib və nəticədə eyni vaxtda Rumıniya və Moldovanın enerji sistemləri arasında olan 400 kV-lıq xətt və qərb və Mərkəzi Ukrayna arasında olan 750 kV-lıq xətt kəsilib.