Ukrayna mətbuatı Rusiya işğalçı qüvvələrinin Xarkov bölgəsində yaşayış məntəqələrinə zərbələr endirməsi barədə məlumat yayır

10:30, 21.11.2022

 

Rusiya işğalçı qüvvələri Ukraynanın Xarkov bölgəsində yaşayış məntəqələrinə zərbələr endirib. Ukrayna mətbuatı Kupyansk rayonunda yaşayış evinin bombalanması barədə məlumat yayır. İnsanların dağıntılar altında qalması ehtimalı olduğundan xilasedicilər hadisə yerində işləyirlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən yayılan məlumatda rus hərbçilərin Kupyansk şəhərinin mülki infrastrukturuna iki raket hücumu həyata keçirdiyi deyilir.

Ötən sutka ərzində Ukraynanın Sumi bölgəsi Rusiya işğalçı qüvvələri tərəfindən 3 dəfə bombalanıb. Yaşayış məntəqələrinə qarşı artilleriya və minaatanlardan istifadə edilib.

Eyni zamanda, Ukrayna ordusu düşmənin canlı qüvvəsinin cəmləşdiyi yerləri bombalayıb, 20-yə yaxın texnikanı, üç döyüş sursatı anbarını və iki komanda məntəqəsini məhv edib. Ukrayna Silahlı Qüvvələrinin aviasiyası işğalçı qüvvələrin canlı qüvvəsi və zenit-raket komplekslərinə qarşı altı hücum həyata keçirib.

Oxşar