Ukrayna mediasının məlumatına görə, ötən gecə Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə miqyaslı hücum həyata keçirilib, bir neçə bölgədə partlayışlar baş verib
Ukrayna mediası Rusiyaya pilotsuz uçuş aparatları ilə edilmiş miqyaslı hücum barədə məlumat yayır. “Ukrayinska Pravda”nın məlumatına görə, avqustun 2-si gecə saatlarında Rusiyanın bir neçə bölgəsində partlayışlar baş verib və bununla yanaşı hava hücumundan müdafiə sistemləri aktivləşib.
Hadisə şahidləri dronlarla hücum və neft emalı zavodlarından birində böyük yanğın barədə danışırlar. Onların məlumatına görə, sosial şəbəkələrdə yayılan videolarda miqyaslı yanğın görünür. Yanğının, ehtimal ki, Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavodunda baş verdiyi bildirilir. Kadrlarda pilotsuz uçuş aparatlarının mühərrik səsləri və hava hücumundan müdafiə sistemlərinin atəş səslərinə bənzər səslər eşidilir.
Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışçev Novokuybişevskdə dron zərbəsini təsdiqləyib. “Bu gün səhər düşmənin dronları Novokuybişevskdəki sənaye obyektlərindən birinə zərbə endirib. Hadisə yerində fövqəladə xidmətlər işləyir”, – o, öz Teleqram kanalında yazıb.
Vilayətdə mobil internet xidməti müvəqqəti olaraq məhdudlaşdırılıb. Samara hava limanı isə müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Dronların, ehtimal ki, Penza şəhərində yerləşən “Elektropribor” Açıq Səhmdar Cəmiyyətinə də zərər verdiyi bildirilir. Ukrayna mediasının məlumatına görə, bu müəssisə Rusiya hərbi-sənaye sektoru ilə birbaşa əlaqəlidir və raketlərin idarəetmə və rabitə sistemlərinin elementlərinin istehsalında ixtisaslaşıb. Onun yaxınlığında Rusiya hava hücumundan müdafiə bölmələri üçün döyüş əməliyyatlarının idarə olunması məntəqələrini istehsal edən yeganə hərbi zavod – “Radiozavod” yerləşir və onun da zədələndiyi ehtimal olunur.
Yerli sakinlər Ryazan vilayətində partlayışlar və hava hücumundan müdafiə fəaliyyətindən də danışırlar. Şahidlərin dediyinə görə, bölgədəki Diaqilevo aerodromunun yaxınlığında güclü partlayışlar baş verib. Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, “vilayət ərazisində hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri ilə bir dron vurulub”. Onun dediyinə görə, xəsarət alan olmayıb, dronun qalıqları isə bir müəssisənin ərazisinə düşüb.
Dron hücumları və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti barədə Lipetsk və Voronej vilayətlərinin sakinləri də məlumat verirlər.